ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrail tərəfini ölkəyə onlarla əlavə hərbi yanacaqdaşıyan təyyarənin göndərilməsi barədə məlumatlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım İrana qarşı hərbi əməliyyatların mümkün genişləndirilməsi ərəfəsində atılıb. Mənbələrin bildirdiyinə görə, Donald Tramp bununla bağlı əmri yaxın günlərdə verə bilər.
Hazırda İsrailin Ben-Qurion və Ramon hava limanlarında ABŞ-yə məxsus 30 yanacaqdaşıyan hərbi təyyarə yerləşdirilib.
"İsrailli rəsmilər bildirirlər ki, ABŞ yaxın günlərdə daha bir neçə yanacaqdaşıyan təyyarə göndərməyi planlaşdırır və bununla onların sayı müharibənin əvvəlindəki səviyyəyə çatdırılacaq", - deyə nəşr yazır.
Analitiklərin fikrincə, eskalasiyanın məqsədi Tehrana elə təzyiq göstərməkdir ki, o, Hörmüz boğazını açmağa və ABŞ-nin nüvə proqramı ilə bağlı tələblərini qəbul etməyə məcbur olsun.
Nəşr xatırladır ki, ABŞ hərbçiləri beş gün ardıcıl olaraq İrandakı hədəflərə zərbələr endirib. ABŞ rəsmisinin sözlərinə görə, onlar Hörmüz boğazında SEPAH əməliyyatlarının əsas mərkəzlərindən biri hesab edilən Bəndər-Abbas şəhəri ətrafındakı azı yeddi körpünü bombalayıblar.
Bununla yanaşı, ABŞ daha genişmiqyaslı hücuma da keçə bilər. Söhbət İranın kritik infrastrukturuna zərbələr endirilməsi və nüvə obyektlərinə təkrar hücumlardan gedir.
Hərbi planların müzakirəsi çərçivəsində kəşfiyyat məlumatlarına əsasən yeni nüvə potensialının yaradılması üçün istifadə oluna biləcəyi ehtimal edilən Pikaks dağındakı yeraltı obyektə zərbə endirilməsi variantı da nəzərdən keçirilir.