ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
"ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstərir və bu gün biz artıq, yaxud ikinci dərəcəli sayılan işçilərin ixtisarının üçüncü mərhələsinə başlamışıq", - deyə o bildirib. Pulti söhbətin konkret olaraq neçə mütəxəssisdən getdiyi barədə konkret bir söz deməyib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ Milli Kəşfiyyatında oxşar ixtisarlar baş tutub. İyun ayında CNN telekanalının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Pultini bu quruma müvəqqəti rəhbər təyin edərkən onun yüzlərlə işçini ixtisar edəcəyini gözləyirdi.
İyunun əvvəlində Tramp "The Wall Street Journal" qəzetinə verdiyi açıqlamada Pultiyə qurumun əməkdaşlarının ixtisarı prosesinə başlamağı tapşırdığını bildirib. Nəşrin məlumatına əsasən, ABŞ lideri hesab edir ki, Birləşmiş Ştatların 18 kəşfiyyat orqanının işinə nəzarət edən Milli Kəşfiyyat Direktorunun aparatı ya lazımsızdır, ya da həddindən artıq böyükdür.
Bir müddət əvvəl isə Vaşinqton administrasiyasının idarə aparatında təqribən 1.3 min əməkdaşının saxlanılacağı haqqında xəbərlər də yayılmışdı.