ABŞ-də ölkənin ən yaşlı və ən uzun müddət barmaqlıqlar arxasında qalmış məhkumlarından biri hesab edilən Frensis Klifford Smit 101 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Greenwich Time" məlumat yayıb.
Smit iyunun 25-də Konnektikut ştatındakı qocalar evində, şərti azadlığa buraxıldıqdan sonra nəzarət altında olarkən dünyasını dəyişib. Onun ölümünü ştatın Cəzaların İcrası Departamentinin nümayəndəsi təsdiqləyib.
Smit 70 ildən çox müddəti həbsxana divarları arasında keçirib. O, 1950-ci ildə bir il əvvəl Qrinviçdəki "Indian Harbor" yaxta klubunun qarəti zamanı güllələnərək öldürülən gecə gözətçisi Qrover Hartın qətlində təqsirli bilinmişdi. Məhkum ömrünün sonuna qədər bu cinayəti törətmədiyini iddia edirdi.
Smitə əvvəlcə edam cəzası verilib. Lakin hökmün icrası səkkiz dəfə təyin edilsə də, hər dəfə təxirə salınıb. 1954-cü ildə isə ölüm cəzası ömürlük həbslə əvəz olunub.
Məhkum edilmiş şəxsin günahkar olub-olmaması ilə bağlı şübhələr məhkəmədən sonra da davam edib. Ona qarşı iş, əsasən, dolayı dəlillərə əsaslanırdı və daha sonra başqa bir kişi hücumun ikinci iştirakçısı olduğunu iddia etdi. İş üzrə çalışan müstəntiqlərdən biri də sonradan Smitin qətl yerində olub-olmadığından əmin olmadığını bildirdi. Bütün bunlara baxmayaraq, məhkum yeni bir məhkəmə prosesinə nail ola bilmədi.
Onilliklər boyu davam edən həbs müddətində Smit bir neçə dəfə qısa müddətlik azadlıqda olub. 1967-ci ildə o, həbsxanadan qaçsa da, 12 gün sonra yaxalanıb. Daha sonra məhkum şərti azadlığa buraxılıb, lakin qaydaları pozduğu üçün yenidən barmaqlıqlar arxasına qaytarılıb. O, həyatının son illərini səlahiyyətlilərin nəzarəti altında qocalar evində keçirib.
