ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Kuba ilə münasibətləri diplomatik yolla tənzimləməyə üstünlük verərdi, lakin hazırda belə bir ssenarinin reallaşma ehtimalı aşağı olaraq qalır.
Oxu.Az bu barədə "İzvestiya" nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası hələ də problemin danışıqlar yolu ilə həllinə üstünlük verir.
"Bu, Kuba ilə bağlı hələ də üstünlük verdiyimiz yanaşmadır. Amma açıq danışsaq, hazırda qarşılaşdığımız tərəfi nəzərə alsaq, bunun baş vermə ehtimalı azdır. Lakin onların yanaşması dəyişərsə, biz hazırıq. Hələlik isə zəruri hesab etdiyimiz addımları atmağa davam edəcəyik", - deyə Rubio bildirib.
Dövlət katibi əlavə edib ki, Kuba hakimiyyəti mövqeyini dəyişəcəyi təqdirdə ABŞ dialoqa hazırdır. Bununla yanaşı, Vaşinqton hələlik Havanaya qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədir.