ABŞ və Çin arasında tarif müharibəsinin deeskalasiyasına baxmayaraq, beynəlxalq ticarət böhran içindədir.
Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonco-İveala "Financial Times" qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, ABŞ ilə ikitərəfli tarif razılaşmaları ticarət prinsiplərini təhdid edə və ÜTT sisteminin əsası olan ən əlverişli dövlət rejimini poza bilər.
Nqozi Okonco-İveala bildirib ki, ABŞ və Çin arasında gərginlik azalmış kimi görünsə də, dünyanın iki ən böyük iqtisadiyyatının bir-birinə 100%-dən çox tariflər tətbiq etməsi təcrübəsi bütün qlobal iqtisadiyyatda əks-səda verəcək. Onun sözlərinə görə, bu, uzunmüddətli perspektivdə real qlobal ÜDM-in 7% azalmasına səbəb ola bilər ki, bu, 2008-2009-cu illərin maliyyə böhranı zamanı vurduğu zərbədən daha pisdir.
Xatırladaq ki, mayın 10-11-də İsveçrədə Çin-ABŞ ticarət-iqtisadi danışıqları keçirilib. Nəticədə, Çin və ABŞ aprelin əvvəlində tətbiq edilən əlavə rüsumları mayın 14-dən 10%-ə endirmək barədə razılığa gəliblər.