ABŞ-nin üç ən böyük bankının - "Chase", "Bank of America" və "Wells Fargo"nun müştəriləri bazar ertəsi günorta saatlarında baş verən kütləvi texniki nasazlıq səbəbindən hesablarına daxil ola bilməyiblər.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, minlərlə istifadəçi texniki nasazlıqlar barədə məlumatları real vaxt rejimində izləyən "Downdetector" platformasında bank hesablarına daxil ola və əməliyyatlarını həyata keçirə bilmədiklərini bildiriblər.
Bəzi müştərilər isə sosial şəbəkələrdə pul köçürmələri üçün nəzərdə tutulan mobil tətbiq səhifələrinin işləməməsindən şikayətləniblər.
Nasazlığın səbəbləri hələlik müəyyən edilməyib. Banklar hadisənin başvermə səbəblərini araşdırırlar.
Qeyd olunur ki, hadisə ABŞ-də hava nəqliyyatında ciddi fasilələrə səbəb olan ümummilli texniki nasazlıqdan cəmi bir neçə gün sonra baş verib.