ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək verməsini nəzərdə tutan sazişə rəsmi razılığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Otuz illik müddətə nəzərdə tutulan yeni müqavilə onmilyardlarla dollar vəsaitin ayrılmasını özündə ehtiva edir. Nüvə infrastrukturunun inkişaf etdirilməsində əsas rol Amerika şirkətlərinə həvalə olunacaq. Tərəflər bu addımı məqsədəuyğun hesab edərsə, Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi üzrə obyektin inşası sazişin başlıca müddəalarından biri olacaq.
Müqavilənin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə təqdim ediləcəyi gözlənilir.
Bir müddət əvvəl CNN telekanalı ABŞ administrasiyasının sazişi ilkin olaraq bəyəndiyi barədə xəbər vermişdi. Müqavilə müəyyən məhdudiyyətlər nəzərdə tutsa da, onların nədən ibarət olacağı hələlik məlum deyil. CNN vurğulayıb ki, sənədin layihəsi krallığı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə təminatlar haqqında sazişə əlavə protokol imzalamağa məcbur etmir.