ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hədəflərə endirilən zərbələrin başa çatdığını elan edib. Hücum zamanı onlarla obyekt məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında məlumat verilib.
Qeyd olunub ki, mərkəzi komandanlıq yüksəkdəqiqlikli döyüş sursatlarından istifadə edərək bir neçə məkanda onlarla hədəfi vurmaqla İrana qarşı yeni hücum dalğasını bitirib. Əsas məqsəd İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücum etmək imkanlarını zəiflətməkdir.
Vurğulanır ki, ABŞ hərbçiləri qırıcı təyyarələr, gəmilər və pilotsuz uçuş aparatları vasitəsilə İslam Respublikasının hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və katerlərini hədəf alıb.
Mərkəzi Komandanlığın (CENTCOM) digər bir açıqlamasına əsasən, ABŞ hərbçiləri İrana qarşı əməliyyatlarda ilk dəfə olaraq zərbə endirən dəniz dronlarından istifadə ediblər. Bu silahların tətbiq miqyası və zərbələrin effektivliyi barədə hələlik əlavə məlumat verilmir.
Həmçinin, CENTCOM İranın Hörmüz boğazına nəzarət etmədiyi barədə iddialarını yenidən səsləndirib.
ABŞ hərbçiləri iyunun 12-dən 13-nə keçən gecə İrandakı obyektlərə növbəti zərbələr endirməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Şərq sahili vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 01:00 - red.) CENTCOM qüvvələri İranın Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə əlavə zərbələr endirməyə başlayıb. Əmr Silahlı Qüvvələrin ali baş komandanı tərəfindən verilib", - deyə məlumatda bildirilir.
Bu fonda "Fars" agentliyi İranın cənubundakı Bəndər-Abbas və Sirik liman şəhərlərinin ətrafında 10-dan çox partlayışın baş verdiyini xəbər verib. Öz növbəsində İran Dövlət Televiziya və Radio Şirkəti Keşm adasında və Cask şəhəri ətrafında da partlayışlar barədə məlumat yayıb. Hadisələrin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb.