ABŞ və "Avropa üçlüyü" (Fransa, Almaniya, Böyük Britaniyadan) İranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına girişin tələb olunduğu qətnamə layihəsini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Müdirlər Şurasına təqdim ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, layihə noyabrın 19-da qəbul edilə bilər.
Noyabrın 16-da İran XİN-in müavini Səid Xətibzadə bəyan edib ki, Tehran İranın nüvə proqramına aid məsələləri "Avropa üçlüyü" ilə müzakirə etmək niyyətində deyil. Onun sözlərinə görə, bu qərar Fransa, Almaniya və Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan "snapback" mexanizmini işə salmaq cəhdlərindən sonra qəbul edilib.
Sentyabrın 19-da BMT TŞ İrana qarşı sanksiyaların ləğvinin uzadılması haqqında qətnaməni rədd edib. Birləşmiş Ştatlar, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Syerra-Leone qətnamə layihəsinin qəbul edilməsinin əleyhinə səs veriblər. Rusiya, Çin, Pakistan və Əlcəzair isə sanksiyaların ləğvini dəstəkləyiblər.