Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, şübhəli əvvəlcə Yunanıstanın EFKA sosial təminat agentliyinın şöbəsində ov tüfəngi ilə atəş açaraq əməkdaşlardan birini ayağından yaralayıb. Daha sonra o, taksi ilə məhkəmə binasına gedərək orada çalışan dörd qadına tərəf atəş açıb. Onlar yüngül xəsarətlər alıblar.
Yerli KİV-in məlumatına görə, silahlı şəxs hadisə yerində ov tüfəngini və qəzetlərə ünvanlanmış məktubları qoyaraq qaçıb və Afinadan 200 km aralıda yerləşən Patra şəhərindəki hoteldə saxlanılıb. Onun Afinada zibilyığan işlədiyi bildirilib.

Yunanıstanın "The Press Project" nəşrinin yazdığına görə, məktubunda o, dövlət qurumlarının onunla sahibsiz it kimi davrandığını qeyd edib.
"İndi mən quduz olmuşam və bir gün onların ofislərinə gedib dişləyəcəyəm ki, onlar da quduzluğa yoluxsunlar", - deyə məktubda bildirilir.