Avropa İttifaqının bir sıra ölkələri Macarıstanın veto hüququnu aşaraq Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizmini hazırlayırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Politico" nəşri Avropa diplomatik dairələrindəki mənbələrə istinadən xəbər yayıb.
Onların məlumatına görə, ən azı altı ölkə tədbirlərin milli qanunvericilik sahəsinə köçürülməsini müzakirə edir. Onların fikrincə, bu, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələlərində ümumi Avropa konsensusunun zəruriliyindən qaçmağa imkan verəcək. Hazırda onların hər altı aydan bir uzadılması Aİ-nin bütün üzvlərinin razılığını tələb edir.
Qeyd olunur ki, belə bir addımı nəzərdən keçirənlər arasında əvvəllər Belçika və Çexiya kimi birlik xaricində birtərəfli tədbirlər görməyə həvəssiz olan ölkələr var.
Mənbələrdən biri qeyd edib ki, Aİ-nin üzv dövlətləri və qurumları məhdudiyyətlərin uzadılmaması ehtimalının olduğunu dərk etməlidirlər.
"Biz bütün sanksiya rejiminin dayanıqlılığını təmin etməliyik", - deyə o bildirib.
Digər diplomat isə bildirib ki, Macarıstan tərəfindən sanksiyaların potensial bloklanması böyük problem yaradacaq, lakin birliyin bundan yan keçmək üçün yolları olacaq.
Daha bir mənbə Macarıstanın veto hüququnun aşılması üçün hüquqi işin aparıldığını təsdiqləyib. Bununla belə, o xəbərdarlıq edib ki, bəzi ölkələrin sanksiyaların tətbiqi hüququnu milli qanunvericilik müstəvisinə köçürmək imkanı yoxdur və ayrı yanaşmanın Aİ-nin ümumi qərarından daha zəif olacağını vurğulayıb.
Məqalədə, həmçinin qeyd olunub ki, Avropa İttifaqında belə bir mexanizmin necə işləyə biləcəyi barədə fikirlər fərqlənir. Xüsusilə, birlikdə Ukraynanın müttəfiqləri ölkə Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq səyləri fonunda ABŞ ilə vahid cəbhəni sarsıda biləcək hər hansı addım atmağa tərəddüd edirlər.