Avropa İttifaqı (Aİ) Ukraynaya pilotsuz uçuş aparatları (PUA) və raketlərin, o cümlədən ABŞ-nin "Patriot" sistemləri üçün sursatların alınmasına daha 3.3 milyard avro ayıracaq.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair bəyan edib.
Fon der Lyayen qeyd edib ki, keçən həftə AK "Ukraine Support Loan" krediti çərçivəsində "Patriot" sistemlərinin alınmasının maliyyələşdirilməsini təsdiqləyib. Həmin vaxt Kiyevə hava və raketdən müdafiə vasitələrinin, döyüş sursatlarının, PUA-ların, həmçinin radioelektron mübarizə vasitələrinin alınması üçün 6.1 milyard avronun ayrılması məlum olmuşdu.
AK rəhbəri, həmçinin Avropanın SAFE proqramının qalan vəsaitlərini Aİ və Ukraynanın müdafiə sahəsində yeni birgə layihələr proqramının işə salınmasına cəlb etmək niyyətində olduğunu bildirib. O dəqiqləşdirib ki, ilin əvvəlindən bəri Aİ Kiyevə praktiki olaraq 15 milyard avro yardım ayırıb.