Avropa Komissiyası (AK) payızda təqdim olunması planlaşdırılan Avropa İttifaqının (Aİ) viza siyasətinin sərtləşdirilməsi ilə bağlı yeni qaydalar hazırlayır. Yeni tədbirlər təhlükəsizlik mülahizələrinə əsasən vizadan imtina üçün əlavə meyarların tətbiqini nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər ilk növbədə Rusiya, Belarus və İran vətəndaşlarına şamil olunacaq. Lakin bu siyahının gələcəkdə daha da genişləndirilməsi istisna edilmir.
Xatırladaq ki, bundan əvvəl AK-nin nümayəndəsi Markus Lammert Rusiya vətəndaşlarına verilən vizaların sayının kəskin şəkildə azaldığını açıqlamışdı. Onun sözlərinə görə, bu göstərici 4 milyondan təxminən 500 minə enib.
Qeyd edək ki, iyunun əvvəlində, yay turizm mövsümü başlamazdan öncə 11 Avropa dövləti Rusiya vətəndaşlarının Şengen zonasına giriş qaydalarının daha da sərtləşdirilməsi tələbi ilə AK-yə müraciət edib. Bu təşəbbüsü üç Baltikyanı ölkə ilə yanaşı, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveç, həmçinin Aİ üzvü olmayan İslandiya və Norveç də dəstəkləyib.