Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin maliyyə vəsaitlərinin mənimsənilməsində təqsirləndirilən sabiq rəhbəri Andrey Yermakın girov pulunu kimin ödədiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, A.Yermak üçün yeddi hüquqi və yeddi fiziki şəxs tərəfindən ümumilikdə 140 milyon qrivna (3.1 milyon dollar) məbləğində girov ödənilib. Daha dəqiq desək, Ukrayna yığmasının sabiq baş məşqçisi və keçmiş futbolçu Sergey Rebrov 30 milyon qrivna (680 000 dollardan çox), Roza Tapanova 8 milyon qrivna (181 500 dollar), Sergey Sviriba 6.5 milyon qrivna (157 000 dollardan çox), vəkil İqor Fomin 5 milyon qrivna (113 000 dollardan çox), Aleksandr Krikunov 500 000 qrivna (11 000 dollardan çox), Alina Voloşina 368 000 qrivna (8 350 dollar), Vladimir Petrov isə 80 000 qrivna (1 815 dollar) vəsait yatırıb.
Bununla yanaşı, 100 milyon qrivnadan çox vəsait yeddi hüquqi şəxs tərəfindən təmin edilib: "SU Səm" MMC 32 milyon qrivna (726 000 dollardan çox), Elmi-Tədqiqat Məhkəmə-Ekspertiza Müəssisəsi - 30 milyon qrivna (680 000 dollardan çox), "de Leqo Lata" SC - 14 milyon qrivna (317 000 dollardan çox), "Sv-Grupp" özəl müəssisəsi - 10.2 milyon qrivna (231 000 dollardan çox), "Miralif" MMC - 9.8 milyon qrivna (222 000 dollardan çox), "A.DVA.KA.T" SC - 4 milyon qrivna (90 000 dollardan çox) və "Arena Marin" MMC - 4 milyon qrivna (90 000 dollardan çox) ödəyib.
Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermak 140 milyon qrivna (təxminən 3 milyon dollar) məbləğində girovun tam ödənilməsindən sonra istintaq təcridxanasından sərbəst buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat yayıb.
Qonçarenko tərəfindən paylaşılan görüntülərdə Yermakın və onu müşayiət edən şəxsin əşyaları ilə birlikdə təcridxana binasını tərk edərək qara rəngli "Mercedes-Benz" avtomobilinə əyləşib getdikləri görünür. Bildirilib ki, azadlığa çıxdıqdan sonra Yermak müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışı ilə dərhal gəlməyə, müvafiq icazə olmadan Kiyevi tərk etməməyə borcludur. Həmçinin o, yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən xəbərdarlıq etməli və iş üzrə digər təqsirləndirilən şəxslərlə hər hansı bir əlaqədən çəkinməlidir. Sabiq aparat rəhbəri xaricə getmək üçün nəzərdə tutulan pasportlarını miqrasiya xidmətinə, diplomatik pasportları və Ukraynadan çıxış hüququ verən digər sənədlərini isə Xarici İşlər Nazirliyinə təhvil verməlidir. O, eyni zamanda, elektron qolbaq da taxmaq məcburiyyətindədir.