ABŞ polisi keçmiş dəniz piyadasını Yeni Orleanda (Luiziana ştatı) terror aktına hazırlaşmaqda şübhəli bilərək, saxlanılıb.
Oxu.Az xəbər verir ki, məlumatı "Associated Press" (AP) yayıb.
Müstəntiqlərin fikrincə, şübhəli şəxs ABŞ hakimiyyətinin yüzlərlə miqrasiya xidməti əməkdaşını Luizianaya göndərməsindən sonra terror aktı planlaşdırmağa başlayıb. Polislər hesab edirlər ki, keçmiş dəniz piyadası 1993-cü ildə Texas ştatında "Maunt Karmel" rançosunda baş verən hadisəni "təkrarlamaq" niyyətində olub. Həmin vaxt rançoda yaşayan və silah qanunvericiliyini pozmaqda şübhəli bilinən dini təriqətin üzvləri hakimiyyətə müqavimət göstəriblər. Atışma zamanı on nəfər həlak olub, sonra Federal Təhlükəsizlik Bürosu 51 gün davam edən və hücumla nəticələnən mühasirə planını gerçəkləşdirib. Münaqişə nəticəsində təriqət ailələrindəki 20 uşaq da daxil olmaqla ümumilikdə 82 nəfər həlak olub.
28 yaşlı keçmiş dəniz piyadası Yeni Orleana gedərkən saxlanılıb. Polis onun avtomobilindən avtomat, tapança, benzin qutusu və gülləkeçirməyən jilet tapıb. Şübhəlinin mənzilində digər avtomatlar, sursatlar və snayperlər və xüsusi təyinatlılar üçün təlim vəsaitləri aşkarlanıb.
Həbsindən əvvəl hüquq-mühafizə orqanları onu FTB-nin ötən həftə bir neçə üzvünü həbs etdiyi fələstinyönlü müxalifət təşkilatı olan "Tısbağa adasının azadlığı uğrunda cəbhə" qruplaşması ilə əlaqələrinə görə izləyib. Onun Yeni il gecəsi Kaliforniyada terror aktı planlaşdırdığı iddia olunur.