Argentina parlamentinin Yuxarı Palatası kütləvi etiraz aksiyalarına səbəb olan maddələr çıxarıldıqdan sonra xüsusi mülkiyyətin qorunması haqqında qanun layihəsini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, iclas Senatın "YouTube" kanalında yayımlanıb.
Bildirilib ki, təşəbbüsü 37 senator dəstəkləyib, 33 qanunverici isə əleyhinə səs verib. İndi qanun layihəsi baxılmaq üçün Deputatlar Palatasına göndəriləcək. Təklif edilən norma, xüsusən də, kirayə haqqını ödəməyi dayandıran kirayənişinlərin mənzildən çıxarılması prosedurunu sürətləndirir. Eyni zamanda, səsvermədən əvvəl qanun layihəsindən ən mübahisəli iki bənd - əcnəbilərə torpaq satışına qoyulan məhdudiyyətlərin yumşaldılması və yanmış meşələrdə 30 ildən 60 ilə qədər tikinti aparılmasını qadağan edən təbiəti mühafizə normalarının dəyişdirilməsi çıxarılıb.
Argentinanın paytaxtı Buenos-Ayresdə torpaqların əcnəbilərə satılması imkanlarını genişləndirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən etiraz aksiyası zamanı ən azı 10 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Minlərlə insanın iştirak etdiyi nümayiş Konqres binasının qarşısında baş tutub. Aksiya başladıqdan bir neçə saat sonra meydanda polis əməkdaşları ilə etirazçılar arasında ilk toqquşmalar yaranıb. Nümayişçilər tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar atılıb. Toplaşanları dağıtmaq məqsədilə polis gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.
Nəşrin məlumatına əsasən, azı üç asayiş keşikçisi başından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmçinin, rezin güllələrdən yaralanan iki jurnalistin olduğu da bildirilir.
Etiraz aksiyası Konqresdə "Xüsusi mülkiyyətin toxunulmazlığı haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar təşkil edilib. Argentina cəmiyyətində ən çox mübahisə doğuran məsələ torpaqların xarici vətəndaşlara satılmasına dair məhdudiyyətləri yumşaldan bənd olub. Hazırda yerli qanunvericiliyə görə, ölkə ərazisinin 15%-dən çoxu əcnəbilərə məxsus ola bilməz. Yaxın saatlarda Senatda keçirilməsi planlaşdırılan səsvermədən əvvəl hökumət bu payı 25%-ə çatdıran mübahisəli bəndi qanun layihəsindən çıxarıb.