Yəni, Obama administrasiyası sakitcə “erməni soyqırımı”nı tanıdı?
Oxu.Az xəbər verir ki, bu sual “Associated Press” agentliyində meydana gəlib.
Məqalədə qeyd edilir ki, “soyqırım” sözü uzun müddət prezident Barak Obama da daxil olmaqla ABŞ-ın rəsmi simaları üçün tabu idi. Amma ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bu susqunluğa son qoydu.
Keçən həftə Vaşinqtonda Nobel mükafatçısı, professor El Vizelin (Elie Wiesel) xatirəsinə həsr edilmiş tədbir zamanı Pauer “erməni soyqırımının təkzibini” xatırladıb.
“Bu beş söz, “soyqırım” haqqında istənilən xatırlatmaya qəti şəkildə qarşı olan Türkiyənin qəzəbinə səbəb olur, bu isə ABŞ məmurlarını bir əsr öncə baş verən hadisələr barədə danışarkən ehtiyatlı davranmağa vadar edir. Pauerin statusunu nəzərə alsaq, sözlər gözlənilməz oldu və bu, Obamanın gizli tənqidi kimi səsləndi”, - məqalədə deyilir.
Pauerin mətbuat katibi Ketris Kuper bəyan edib ki, “soyqırım”ın xatırlanması Vizelin həyatı barədə danışarkən kontekstdə deyilib və “digərlərini buna qarşı çıxış etməyə sövq etməli idi”. O, qeyd edib ki, sözlər administrasiyanın siyasətində dəyişiklikləri əks etdirmir.
N.O.
www.oxu.az