Rusiyanın Rubtsovsk şəhərinin sakini iki yaşlı oğluna ağır xəsarətlər yetirib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Altay diyarı üzrə İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb. Hadisə sentyabrın 13-də ailənin yaşadığı evdə qeydə alınıb. İstintaqın məlumatına əsasən, uşağın ağlamasından qəzəblənən 28 yaşlı kişi azyaşlını güclə yerə çırpıb və onun baş nahiyəsinə ayaqla bir neçə zərbə endirib.
Ağır bədən xəsarətləri alan zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib və orada komaya düşüb.
Onun atası barəsində cinayət işi açılıb. Hazırda şübhəli şəxs saxlanılıb, onunla bağlı istintaq tədbirləri aparılır. Həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.