Son dörd il ərzində Avropa ərazisində 200 mindən artıq şəxs anomal istilərin qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu faktı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə rəhbəri Hans Klüge TASS agentliyinə açıqlamasında bildirib.
Hans Klügenin sözlərinə görə, təkcə 2022-2025-ci illəri əhatə edən dövrdə ÜST-nin Avropa regionunda 200 mindən çox insan istidən vəfat edib.
O əlavə edib ki, son 20 il ərzində yüksək temperaturla əlaqədar ölüm göstəricilərində 30 faizlik artım müşahidə olunur:
"Bu, sadəcə bir ehtimal deyil, hazırda yaşanan reallıqdır".
Təşkilat rəsmisi vurğulayıb ki, cari ilin yayında rekord istilər ucbatından 10 mindən artıq əlavə ölüm halının qeydə alınmasına dair ÜST-nin son açıqlaması yalnız beş dövləti əhatə edir.
Qeyd edək ki, Avropa Ümumdünya Səhiyyə Təşkilatının altı regionundan biridir. O, Avropa və Mərkəzi Asiyanın 53 dövlətini, o cümlədən Rusiya, Türkiyə, Qafqaz ölkələri, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirir.