Avropada cinsi yolla keçən bakterial infeksiyaların, o cümlədən süzənək (qonoreya) və sifilis xəstəliklərinin sayı son on ilin ən yüksək səviyyəsinə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) rəsmi hesabatında bildirilir.
Məlumata görə, Avropada süzənək xəstəliyinə yoluxma hallarının sayı 2015-ci illə müqayisədə 303% artaraq 106 331-ə yüksəlib. Sifilisə yoluxma üzrə isə 45 557 hal qeydə alınıb ki, bu da 2015-ci ilin göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur. Beynəlxalq qurum hesab edir ki, yoluxma sayındakı bu kəskin artımın əsas səbəblərindən biri test və profilaktika sahəsindəki tibbi boşluqların genişlənməsidir.
ECDC-nin statistikasına əsasən, təsdiqlənmiş süzənək (37 169 hal) və sifilis (11 556 hal) göstəricilərinə görə antirekord İspaniyaya məxsusdur - ən çox yoluxma məhz bu ölkədə qeydə alınıb.
Mərkəz nümayəndələri xəbərdarlıq edirlər ki, vaxtında müalicə olunmayan bu infeksiyalar sonsuzluq kimi ciddi fəsadlara yol açır. Sifilis xəstəliyi isə gələcəkdə insan orqanizmində ürək-damar və sinir sisteminin fəaliyyətində ağır fəsadlar törədir.