Avstraliya baş naziri Malkolm Ternbull ölkənin ABC telekanalının ABŞ-ın İranın nüvə obyektlərini bombalamağa hazırlaşdığı ilə bağlı məlumatını “uydurma” adlandırıb.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
“ABC telekanalının bugünkü süjetini gördüm. Bunlar anonim mənbəyə istinadla yayılan uydurmalardır”, - Ternbull deyib.
ABC telekanalı bu məsələ ilə bağlı baş nazirin fikirlərini də yayımlayıb:
“ABŞ prezidenti Donald Tramp bütün dünyaya aydın şəkildə fikirlərini çatdırıb. Bu məlumat mənimlə, xarici işlər nazirimizlə və ya Silahlı Qüvvələrin baş komandanı ilə məsləhətləşmədən yayımlanıb”.
11:41
ABŞ avqustda İrana zərbələr endirə bilər, bu işdə Vaşinqtona Avstraliya və Böyük Britaniya yardım edəcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı ABC telekanalı Avstraliya hökumətindəki mənbəyə istinadla məlumat verib.
Məlumata əsasən, Kanberra zərbələr endirmək üçün İrandakı obyektləri müəyyən etməkdə ABŞ-a yardım edə bilər. Bununla yanaşı, mənbənin sözlərinə görə, bu cür yardım hücumda yaxından iştirak etməklə bir tutula bilməz. O bildirib ki, ABŞ-a analoji köməyi Britaniya xüsusi xidmət orqanları da göstərə bilər.
Telekanal bildirib ki, Avstraliya hökumətində Trampın real təhlükəsi ilə bağlı fikirlər haçalanıb. Bəziləri ABŞ-ın İrana hücumunu mümkün hesab edir, digərləri isə bu hücumun Yaxın Şərq regionunda vəziyyəti kəskinləşdirəcəyini bildirirlər.