Avstraliyada xalq kitabxanasına təxminən 150 il gecikmə ilə kitab qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Kiama Xalq Kitabxanasının meneceri Mişel Hadsona istinadən məlumat yayıb.
1858-ci ildə nəşr olunmuş "Afinanın qədimlikləri" kitabı ötən həftə Kiama şəhərində təmir işləri aparılan evdə tapılaraq kitabxanaya təhvil verilib. Nəşr divarın içərisində hörülmüş köhnə çay qutusunun içində aşkar edilib.
Mişel Hadson bildirib ki, kitabxanaya indiyədək bu qədər köhnə kitab qaytarılmayıb.
"Sosial şəbəkələrdə bir çox kitabxananı izləyirəm. Təmizlik zamanı 30-40 il gecikmə ilə qaytarılan kitablara rast gəlinir, amma bu, tamamilə fərqli hadisədir", - deyə o qeyd edib.
Kitabı vaxtında qaytarmayan şəxsə cərimə tətbiq etmək mümkün olsaydı, məbləğ təxminən 19 500 dollar təşkil edərdi. Qeyd olunur ki, kitabxana 1872-ci ildən fəaliyyət göstərir və XIX əsrin 70-ci illərində kitabın gecikdirilməsinə görə həftəlik üç pens cərimə tətbiq edilirdi.
Hadsonun sözlərinə görə, kitab sudan qismən zərər görsə də, ümumi vəziyyəti qənaətbəxşdir. "Afinanın qədimlikləri" kitabxananın təxminən min kitabdan ibarət ilk kolleksiyasına daxil olub və 506 nömrəsi ilə qeydiyyata alınıb.
Qaytarılan nadir nəşrin kitabxananın muzeyində nümayiş etdirilməsi planlaşdırılır.
"Onun yenidən yoxa çıxmasına imkan vermək istəmirik. Bu kitabın qaytarılmasını daha 150 il gözləmək niyyətində deyilik", - deyə menecer zarafatla bildirib.
