Avstraliyanın Sidney şəhərində girovların saxlanıldığı Lindt kafesinə hücum başa çatıb, Associated Press polis nümayəndələrinə istinadən xəbər verir.
Australia Today-ın məlumatına görə, polis də daxil olmaqla, üç nəfər yaralanıb, daha iki nəfər öldürülüb. Güman olunur ki, onlardan biri - terrorçunun özü, 49 yaşlı iranlı Men Heron Monis də öldürülüb. Lakin bu məlumat hələ təsdiqlənməyib.
09:41
Sidneydə islamçılar tərəfindən ələ keçirilmiş kafedən üç girov qaça bilib. Onlardan biri kafenin işçisi, digər ikisi isə ziyarətçilərdir. Bu barədə The Guardian məlumat verir.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, insanlar kafenin yan qapısından qaçıblar. Onların kafedən qaçdıqları və ya kafeni ələ keçirənlər tərəfindən buraxıldıqları hələ məlum deyil.
Sidney polisi isə öz növbəsində girovlarla bağlı insidenti terror aktı kimi nəzərdən keçirmədiyini bildirib.
“Hazırkı mərhələdə biz bu insidenti silahlı hücum kimi nəzərdən keçiririk”, - deyə Sidney şəhərinin yerləşdiyi Yeni Cənub Uels ştatının polis rəhbəri Endryu Sipione bildirib.
Polis kafeni ələ keçirənlərlə danışıqlara başlayıb.
07:43
Avstraliyanın Sidney şəhərinin mərkəzində kafelərdən birinin onlarla əməkdaşı və müştəriləri “İslam dövləti” (İŞİD) terrorçuları tərəfindən girov götürülüb.
Oxu.Az xəbər verir ki, bazar ertəsi yerli vaxtla 9:45-də bir yaxud bir neçə nəfər (insanları girov götürmüş terrorçuların sayı məlum deyil) Lindt kafesinə daxil olaraq, ziyarətçilərdən “İslam dövləti”nin ağ-qara bayrağını qaldırmağı tələb ediblər, Avstraliyanın 7 news telekanalı xəbər verir.
Bundan bir neçə saat əvvəl Avstraliya polisi Sidneydə “İslam dövlətinin” nəzarət etdiyi ərazilərə yaraqlı və pul göndərilməsi kanalını ləğv etmə üzrə əməliyyat çərçivəsində bir kişini saxlayıb. Hələlik ölkə rəhbərliyinin saxlanılan şəxs və kafedəki terrorçular arasında əlaqənin olub-olmaması barədə məlumatı yoxdur.
Yaraqlıların sayı ən azı ikidir, onların “kamikadze kəmərinə” bənzəyən kəmərlərinin olduğu bildirilsə də, polis bu məlumatı təsdiqləmir.
Mətbuatda Lindt kafesindən bir neçə yüz metr məsafədə yerləşən məşhur Sidney opera teatrının evakuasiya edildiyi yazılıb. Teatrda şübhəli predmet aşkarlanıb.
Avstraliyanın milli təhlükəsizlik kabineti təcili iclas keçirib.
Kafeni ələ keçirmiş cinayətkarlardan biri Sidneydə dörd partlayıcı qurğunun quraşdırıldığını bildirib. O, bombaların olduğu yerləri açıqlamayıb.
Avstraliyanın Baş naziri Toni Ebbot telemüraciətində əhalini sakit olmağa çağırıb:
“Biz cinayətkarların hərəkətlərinin siyasi motivasiyaya malik olub-olmadığını bilmirik. Aydındır ki, bunun belə olması barədə bəzi əlamətlər mövcuddur”, - deyə, o, bəyan edib.