Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyini gücləndirməyə yönəlmiş yeni islahatlar paketini təsdiqləyib. Yeni qaydalara əsasən, 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Həmçinin böyüklər üçün nəzərdə tutulan saytlara giriş zamanı yaşın təsdiqlənməsi məcburi olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri hakim koalisiyaya daxil olan Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial Demokrat Partiyası (SPÖ) və NEOS partiyalarının nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qanun layihəsi artıq parlamentə təqdim edilib və gələn ildən qüvvəyə minməsi gözlənilir.
Sosial şəbəkələr üçün 2027-ci il aprelin 1-dək keçid dövrü nəzərdə tutulub. Bu müddət ərzində platformalar ya asılılıq yaradan funksiyaları aradan qaldırmalı, ya da 14 yaşdan kiçik istifadəçilərin xidmətlərə çıxışını məhdudlaşdırmalıdır.
Yeni tələbləri pozan şirkətlər illik ümumi dövriyyələrinin 6 faizinə qədər cərimələnə bilərlər.
Bundan başqa, böyüklər üçün nəzərdə tutulan internet saytlarına giriş yalnız istifadəçinin 18 yaşına çatdığını təsdiqlədikdən sonra mümkün olacaq.
Yaşın yoxlanılması dövlətin ID Austria sistemi və ya özəl xidmət provayderləri vasitəsilə həyata keçiriləcək.
Bildirilib ki, saytlar istifadəçinin yalnız 18 yaşına çatıb-çatmadığı barədə məlumat əldə edəcəklər. Digər şəxsi məlumatlara isə çıxışları olmayacaq.