Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
"Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ən uğurlu strateji tərəfdaşlarından biridir. 33 ildir ki, iki ölkə arasında diplomatik əlaqələr qurulub və bu illər ərzində ikitərəfli münasibətlərin möhkəm hüquqi bazası formalaşıb. Ölkələrimiz həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri, burada keçirilən rəsmi görüş, eyni zamanda, dövlət başçımızın Dayanıqlılıq Həftəsində iştirakı Bakı ilə Əbu-Dabi arasında inkişaf edən əlaqələrin göstəricisidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində vacib müzakirələrin aparıldığı beynəlxalq platformalardan birinə çevrilib:
"Azərbaycan Prezidenti də qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsinin əsas iştirakçılarından biridir. Dünyada davamlı inkişafa xidmət edən və bu sahədə təcrübə mübadiləsi üçün effektiv qlobal platformaya Azərbaycanın da dəvət alması ölkəmizin prosesə töhfəsi kimi dəyərləndirilməlidir. BƏƏ, eyni zamanda, ev sahibi kimi ümumi qlobal çağırışlarla, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə beynəlxalq fəaliyyətin tərəfdarıdır. Prezident İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə də əsas diqqət ikitərəfli münasibətlərlə yanaşı, ötən ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransına yönəldilib. Dövlət başçımız COP29-un uğurla başa çatmasında ölkələrimiz arasında əməkdaşlığın və bu ölkənin konsepsiyasının rolunu xüsusi qeyd edib".
"COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib. Ümumiyyətlə, Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, iqtisadi-ticari əlaqələr də genişlənməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirilir. MDB məkanında ən böyük Günəş elektrik stansiyası, 262 milyon ABŞ dolları dəyərində olan Qaradağ Günəş Elektrik Stansiyası da BƏƏ-nin "Masdar" şirkəti tərəfindən ərsəyə gətirilib.
İki ölkə, həmçinin, ənənəvi enerji sahəsində də yaxından əməkdaşlıq edir. İqtisadi göstəricilər artan dinamika ilə inkişaf etməkdədir. Belə ki, Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi son dörd ildə iki dəfədən çox artıb. Qarşılıqlı investisiya fəaliyyətində də dinamika müşahidə olunmaqdadır. İslam ölkələri, o cümlədən ərəb dövlətləri ilə əlaqələrin möhkəmlənməsi rəsmi Bakının xarici siyasət kursunda prioritet istiqamətlərdən biridir. Geniş islam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib
- Hicran Hüseynova: "Hər il təxminən 10 milyon insana altsheymer xəstəliyi diaqnozu qoyulur"