Rusiyanın Vladivostok limanından hazırda ardıcıl keçirdiyi ballistik raket sınaqlarına və nüvə silahına görə dünyanın bir nömrəli böhran zonası sayılan Şimali Koreyaya dəniz səyahəti marşrutu açılıb.
Oxu.Az Virtualaz.org-a istinadla xəbər verir ki, ilk marşrutla Şimali Koreyaya getmək istəyənlər arasında Azərbaycan vətəndaşları da var. Onlar dəniz səyahətini təşkil edən “Amita” turizm agentliyinə zəng vuraraq bilet sifariş verirlər.

Agentliyin nümayəndəsi “PrimaMedia”ya bildirib ki, Şimali Koreyaya ilk reys beynəlxalq ajiotaj doğurub. Şirkətin ofisinə İsrail, Macarıstan, Azərbaycan və Qazaxıstan kimi ölkələrdən çoxsaylı zənglər daxil olur.
“Mən başa düşmürəm, bu reys niyə belə ajiotaj doğurub, bizə dünyanın müxtəlif yerlərindən zəng vururlar. Xüsusən də putyovkalarla Qazaxıstanda yaşayan etnik koreyalılar maraqlanır. Tez-tez soruşurlar: “Doğrudan, hamını ora buraxırlar? Bəlkə biz ailəmizlə birlikdə gedək”. Cavab veririk ki, yaponlardan başqa, hamını buraxırlar”, - turagentliyin nümayəndəsi deyib.

Nümayəndə bildirib ki, Vladivostokdan Şimali Koreyaya səyahət qeyri-adi hadisə deyil. Lakin görünür, son hadisələrdən sonra yeni turist marşrutu çoxlarını maraqlandırıb. Vladivostokdan Şimali Koreyaya səyahət putyovkası dəniz səyahəti də daxil olmaqla 7 günlükdür, ən ucuz putyovka 40 min rubldur (1208 AZN). Məbləğin çoxu biletə, qalanı Şimali Koreyada qalmağa sərf olunur.
Proqrama əsasən, səyahət teploxodu Vladivostokdan yola çıxandan bir gün sonra Şimali Koreyanın Radjin limanına çatacaq. Burada turistləri yoxlayacaqlar, Şimali Koreya sərhədçiləri onların üstündə foto-video çəkmək üçün avadanlıqların olmamasına xüsusi diqqət edəcəklər. Bundan sonra hotelə transfer və ekskursiya başlayacaq. Turistlər 3 gün boyu Radjin şəhərinin görməli yerlərini gəzəcəklər, daha sonra limana qayıdıb geri dönəcəklər. Teploxod həftədə bir reys edəcək. İlk reys mayın 18-də olub.
N.O.