ABŞ şirkətləri xərcləri azaltmaq üçün daha ucuz süni intellekt (Sİ) modellərindən, o cümlədən Çində hazırlanmış modellərdən istifadə etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, həm böyük, həm də kiçik şirkətlər sadə tapşırıqları yerinə yetirmək üçün ən qabaqcıl Sİ modellərindən istifadə etməyi mənasız hesab edirlər.
WSJ qeyd edir ki, "Anthropic" və "OpenAI" kimi böyük şirkətləri illər ərzində ən güclü modelləri hazırlayaraq süni intellekt sahəsində liderlik uğrunda mübarizə aparıblar. Lakin sonda məlum olub ki, bir çox şirkətlər əslində gündəlik və əsas işlər üçün daha sadə alətlərə üstünlük verirlər.
Proqramlaşdırma üçün süni intellekt alətləri hazırlayan "Cursor" startapı tərəfindən aparılan sınaq göstərib ki, sıfırdan veb-brauzer yaratmaq üçün GPT-5.5 modelindən istifadə 10 min dollardan çox xərc tələb edir.
Eyni işi "Claude Opus 4.8" və "Cursor"un "Composer" alətinin birgə istifadəsi ilə görmək isə təxminən 1 400 dollara başa gəlir.
Məqalədə vurğulanır ki, şirkətlər üçün əsas məsələ artıq ən güclü süni intellekt modelinə sahib olmaq deyil, eyni işi daha aşağı qiymətə və kifayət qədər keyfiyyətlə yerinə yetirən həll tapmaqdır.