Britaniyanın BBC teleradio şirkətinin baş direktoru Tim Deyvi istefa verib.
Oxu.Az "The İnsider"ə istinadən xəbər verir ki, buna "BBC Panorama" verilişində ABŞ Prezidenti Donald Trampın redaktə edilmiş nitqinin yayımlanması səbəb olub.
Trampın saxta çıxışı ötən ilin oktyabr ayında, ABŞ-dəki prezident seçkisindən əvvəl yayımlanıb. Videomaterialda Trampın Kapitolini ələ keçirməyə çağırdığı təəssüratı yaradılıb. Əslində isə həmin çıxışda siyasətçi vətəndaşları öz fikirlərini dinc yolla ifadə etməyin zəruriliyi barədə xəbərdar edib.
"BBC mükəmməl deyil və biz həmişə açıq, şəffaf və hesabatlı olmalıyıq. Bu, yeganə səbəb olmasa da, "BBC News" ətrafında davam edən mübahisələr qərarıma təsir etdi. BBC ümumiyyətlə yaxşı bir təşkilatdır, lakin bəzi səhvlərə yol verilib və baş direktor olaraq mən öz məsuliyyətimi qəbul etməliyəm", - deyə Deyvi istefa məktubunda bildirib.