Birləşmiş Ərəb Əmirliyi Qətərin hakim sülaləsinin üzvü Şeyx Abdulla bin Əl-Taninin ölkə ərazisini tərk etməsinə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Newsru.co.il məlumat yayıb.
Yanvarın 14-də şeyxin internetdə yayılan videomüraciətində o, təcrid edildiyini və BƏƏ-ni öz iradəsi ilə tərk edə bilmədiyini bildirmişdi.
“Mən Abu-Dabidəyəm, Şeyx Məhəmmədin qonağı hesab olunuram, ancaq əslində, mən qonaqdan çox əsirəm. Sizdən bir xahişim var: mənim başıma bir iş gəlsə, buna görə Qətəri günahlandırmayın”, - deyə şeyx bildirib.
Qeyd edək ki, Qətər böhranının meydana gəlməsindən sonra Şeyx Abdulla hakim sülaləyə qarşı çıxmışdı və Səudiyyə Ərəbistanı və BƏƏ onu Qətərdə taxta potensial namizəd hesab edirdi.