Gecə saatlarında Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Belqorod şəhərini hədəfə alıb. Bunun ardınca Belqorod Dövlət Texnoloji Universitetində (BDTU) şiddətli yanğın qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə kadrları "Pepel Belqorod" Telegram kanalı paylaşıb.
Videoda yerli sakinin "Orada hər şey yanır - tam olaraq hər şey", - deyə reaksiya verdiyi eşidilir.
Nəşrin məlumatına əsasən, həmin universitetdə PUA-ların hazırlanması və sınaqları həyata keçirilib. Dronların zərbəsi dəqiq olaraq bu korpusa dəyib və nəticədə bina tamamilə yanıb.
Eyni zamanda, Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev də sosial şəbəkə hesablarında bölgədəki anbar kompleksinə PUA zərbəsi endirildiyini bildirib:
"Sobinsk dairəsindəki anbar kompleksi PUA hücumuna məruz qalıb. Dağıntılar və yanğın mövcuddur. İnsanlar ərazidən təxliyə ediliblər".
Qubernator vilayətdə dron təhlükəsinin hələ də qaldığını vurğulayaraq, əhalini təhlükəsizlik qaydalarına riayət etməyə səsləyib.
Məlumata görə, hücum "Wildberries" şirkətinə məxsus logistika mərkəzinə edilib. Şirkət PUA hücumu səbəbindən yanğının baş verdiyini təsdiq edib.