Nyu-York şəhərində yerləşən Bruklin körpüsünün şimal qülləsindən özünü atan 44 yaşlı çılpaq kişi sağ qalmağı bacarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu dərhal İst-River boğazının sularından xilas ediblər.
Oxu.Az xəbər verir ki, bu hadisə barədə "The New York Post" nəşri məlumat yayıb.
Hadisə avqust ayının 2-də gündüz baş verib. Nəşrin məlumatına görə, kişi anlaqsız vəziyyətdə olub və körpünün ən hündür nöqtəsinə qalxaraq oraya bir neçə bayraq sancıb.
Daha sonra o, geyimlərini çıxararaq Manhetten istiqamətindən şimal qülləsinə dırmaşmağa başlayıb. Polis əməkdaşları onu bu fikrindən daşındırmağa və aşağı düşməyə çağırsalar da, həmin şəxs özünü suya atıb.
Hadisə yerinin yaxınlığında katerlə növbə çəkən polislər onu operativ şəkildə sudan çıxarmağa müvəffəq olublar. Zərərçəkmiş şəxs təcili olaraq xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndirirlər.