Almaniyanın paytaxtı Berlində Qələbə Günü münasibətilə keçirilən tədbirlər zamanı 43 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Berlin polisi "X" hesabında məlumat yayıb.
"Hələlik 43 nəfər barəsində azadlığın məhdudlaşdırılması tədbirləri görülüb. Digər hallarla yanaşı, Berlin hakimiyyətinin sovet memoriallarında tətbiq etdiyi məhdudiyyətlərlə bağlı 25 pozuntu, bir icazəsiz dron uçuşu, həmçinin təhqir, polisə müqavimət və bədən xəsarəti yetirmə faktları daxil olmaqla 13 hüquq pozuntusu üzrə müraciət qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bununla yanaşı, Berlin polisi qeyd edib ki, ümumilikdə tədbirlər əsasən sakit və ciddi insidentsiz keçib.
Berlin hakimiyyətinin qərarına əsasən, mayın 8-9-da Almaniya paytaxtındakı sovet memoriallarında V və Z simvolları, Georgi lentləri, Rusiya və SSRİ bayraqları, sovet rəmzləri, hərbi forma və onun elementləri, eləcə də hərbi marş və mahnıların səsləndirilməsi qadağan olunub.
Mayın 9-da Berlində ictimai asayişin qorunmasına mindən çox polis əməkdaşı cəlb edilib.