Aprelin 28-də Qazaxıstan paytaxtında qaliblərin “Birlik nəticəsində əldə edilən böyük Qələbə: ön cəbhənin cəsarəti – arxa cəbhənin dözümü” adlı Beynəlxalq forumu keçirilib.
Oxu.Az-ın xüsusi müxbirinin məlumatına görə, Qazaxıstan və Rusiya prezidentləri Nursultan Nazarbayev və Vladimir Putin forumun iştirakçılarına məktub imzalayıb.
“Böyük Vətən müharibəsində işğalçı faşistlər ilə döyüşlərdə həlak olan oğulların xatirəsini yad etmək mütləqdir. Hazırda hər bir respublika müstəqil dövlətdir, amma həlak olan hərbçilərin xatirəsi heç zaman unudulmayacaq”, - Nazarbayevin salamlama məktubunda deyilir. Məktubu Qazaxıstanın Mədəniyyət və idman naziri Arıstanbəy Məhəmmədiulı oxuyub.
“Böyük Vətən müharibəsinin ildönümü bizi – fərqli siyasi görüşü, dini etiqadı və həyat təcrübəsi olan müxtəlif dövlətlərin insanlarını birləşdirir. Biz tarixi yaddaşımıza qayğı ilə yanaşmalı, müharibə haqqında həqiqəti qorumalı və onu böyüyən nəslə ötürməliyik. Böyük qələbə günü ərəfəsində keçirilən bu ənənəvi görüşlər ölkələrimizin həyatında mühüm hadisədir”, - Putinin salamlama məktubunda deyilir. Məktubu Rusiya Federasiyasının regionlararası və xarici ölkələr ilə mədəni əlaqələr üzrə idarənin rəisi Vladimir Çernov oxuyub.
Qeyd edək ki, forumda bütün sabiq Sovet İttifaqı respublikalarının nümayəndələri iştirak ediblər.
Yekun hissədə BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri K.N.Səlimovun Bakıya “Böyük Vətən müharibəsinin qəhrəman şəhəri” adının verilməsi təklifi forum iştirakçıları tərəfindən dəstəklənib.
Forumun yekunlarına görə, sovet xalqının şücaətinə dair faktların təkzib edilməsi cəhdlərinə yol verilməməsi üçün konkret tədbirlərin əks olunduğu qətnamə qəbul edilib.
Qeyd edək ki, tədbir MDB ölkələrinin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi və “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil edilib.
Tədbirin məqsədi – Böyük Vətən müharibəsi haqqında sabiq Sovet İttifaqı xalqlarını birləşdirən tarixi hadisə kimi xatirənin saxlanılması, sabiq SSRİ-nin bütün xalqlarının Böyük Qələbəyə verdiyi töhfənin və bu xalqların rolunun aktuallaşdırmaq idi.
2010-cu ildən Forum Rusiyanın Tuapse, Vladiqafqaz, Volqoqrad, Kursk, Moskva şəhərlərində keçirilib. 2016-cı ildə forum qəhrəman-şəhər Minskdə keçirilib.
Nigar Orucova
www.oxu.az