İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası ilə mübarizə üzrə beynəlxalq proqramların maliyyələşdirilməsinin kəskin azalması dünyada epidemiyanın yeni dalğasının yaranmasına gətirib çıxara bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) hazırladığı hesabatda məlumat verilib.
"İİV-lə mübarizənin beynəlxalq səviyyədə maliyyələşdirilməsi 1.5 milyard dollardan çox azalaraq 2024-cü ildəki 8.8 milyard dollardan 2025-ci ildə 7.3 milyard dollara düşüb. Bu isə 18% azalma deməkdir və son iki onillik ərzində qeydə alınan ən aşağı göstəricidir".
Bildirilir ki, 2025-ci ildə İİV-ə yeni yoluxma halları 1.2 milyona çatıb, QİÇS-lə bağlı xəstəliklər isə təxminən 570 min insanın həyatına son qoyub. Qlobal hədəflərin tam yerinə yetirilməməsi səbəbindən vəziyyət narahatlıq doğurmağa davam edir. Əgər fəal tədbirlər görülməsə, 2030-cu ilə qədər daha 3 milyondan çox insanın bu virusa yoluxacağı ehtimal edilir.
Tədqiqatların nəticələrinə əsasən, İİV-in profilaktikası proqramlarının əksəriyyəti məhz beynəlxalq mənbələr hesabına fəaliyyət göstərib. Məsələn, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində bu cür layihələrə ayrılan vəsaitin 80%-i xarici yardımlardan formalaşıb. 2024-cü ildə yerli icmalarla işləyən təşkilatlar İİV-lə mübarizə üçün xarici maliyyələşmənin 25%-ə qədər hissəsini əldə ediblər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər donor dəstəyi azalmağa davam edərsə və daxili büdcədən maliyyələşmə artırılmazsa, İİV-in profilaktikası və müalicəsi üzrə bir çox yerli proqramlar ciddi böhranla üzləşə bilər.