BMW əsas Çin bazarında satışların kəskin azalması səbəbindən 2028-ci ilədək 8 min iş yerini ixtisar etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, cari ilin ikinci rübündə BMW avtomobillərinin Çində satışı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalıb. Planlaşdırılan ixtisarlar əsasən Almaniyadakı əməkdaşları əhatə edəcək.
Şirkət inzibati və elmi-tədqiqat bölmələrinin əməkdaşları üçün könüllü işdənçıxarma proqramının razılaşdırıldığını təsdiqləyib. Proqram oktyabr ayında başlayacaq və gələn ilin sonunadək davam edəcək. Zavodlarda çalışan fəhlələr isə bu proqramın əhatə dairəsinə daxil edilməyəcək.
Hazırda BMW-də ümumilikdə təxminən 160 min nəfər çalışır.
BMW ixtisarlara gedən yeganə Almaniya avtomobil istehsalçısı deyil. Daha əvvəl "Porsche" şirkəti ötən il ixtisar edilən 3.9 min nəfərə əlavə olaraq daha 5 min əməkdaşın işdən çıxarılacağını açıqlamışdı. "Volkswagen" isə 100 min iş yerinin ixtisarını planlaşdırır.
Bildirilir ki, hər üç şirkət Çində satışların zəifləməsi fonunda xərcləri azaltmaq və fəaliyyətini optimallaşdırmaq məqsədilə işçi sayını azaldır.