Gürcüstanda aprelin 28-də yerli vaxtla təxminən saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.
Oxu.Az Aktual.ge-yə istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan azyaşlının bir müddət sonra ailəsinə məlumat verilmədən cəsədinin ekspertizaya aparılması yaxınları və Kolayır sakinlərinin ciddi etirazına səbəb olub.
Bunun ardınca klinika qarşısında olan çoxsayda Kolayır sakinləri ekspertizaya aparan avtomobili piyada şəkildə təqib etməyə çalışıblar, lakin nəqliyyat vasitəsini saxlamaq mümkün olmayıb. Daha sonra etirazçılar Marneulidə "Ploşad" adlanan əraziyə yığışıblar. Orada hüquq-mühafizə orqanları əməkdaşları ilə yerli sakinlər arasında sözlü qarşıdurma yaşanıb.
Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub, bir müddət sonra isə yol nəqliyyatın hərəkəti üçün yenidən açılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ilə araşdırma aparılır. Bu cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.