Bolqarıstan parlamenti Prezident Rumen Radevin Rusiyanın "LUKOIL" neft şirkətinin aktivlərinin mümkün satışı ilə bağlı investisiyalar haqqında qanun layihəsinə qoyduğu vetonu təcili qaydada nəzərdən keçirib və onu rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sofia Globe" yazıb.
Bildirilir ki, parlamentdə 125 deputat vetonun aradan qaldırılmasının lehinə səs verib, 74 nəfər isə əleyhinə olub. Bitərəf qalan olmayıb.
Bolqarıstan Xalq Məclisi (parlamenti) "LUKOIL"un ölkədəki törəmə müəssisələrinin dövlət tərəfindən satın alınması üçün sənədlərin hazırlanmasını hökumətin öhdəsinə qoyan düzəlişləri oktyabrın 24-də bəyənib. Noyabrın 5-də Prezident Radev qanun layihəsində olan müddəaların konstitusiyaya zidd olduğunu bildirərək onu rədd edib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də Rusiyanın "LUKOIL", "Rosneft" şirkətlərinə və onların törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. Oktyabrın 27-də "LUKOIL"un Mətbuat Xidməti elan edib ki, neft şirkəti bu məhdudlaşdırıcı tədbirlərə cavab olaraq beynəlxalq aktivlərini satmaq qərarına gəlib.