Böyük Britaniyanın Ədliyyə Nazirliyi məhkəmə hakimlərinin iş materiallarını süni intellektin köməyi ilə təhlil etməsinə imkan verəcək pilot proqramın işə salındığını elan edib.
Oxu.Az bu barədə nazirliyin rəsmi saytına istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, məhkəmə proseslərini sürətləndirmək və işlər üzrə gecikmələri azaltmaq məqsədilə süni intellekt əsasında hüquqi köməkçilər hazırlanacaq və sınaqdan keçiriləcək.
Rəsmilər bildiriblər ki, süni intellekt köməkçiləri hakimlərə gündəlik və rutin tapşırıqların icrasında, o cümlədən hüquqi araşdırmaların aparılmasında və məhkəmə işlərinin siyahılarının hazırlanmasında yardım göstərəcək.
Layihə ilkin mərhələdə nəzarət olunan şəraitdə sınaqdan keçiriləcək. Sınaqların nəticələri müsbət olacağı təqdirdə, süni intellekt köməkçilərinin ölkə məhkəmələrində daha geniş miqyasda tətbiqinə başlanacaq.
Böyük Britaniya hökuməti hesab edir ki, bu təşəbbüs məhkəmə sisteminin səmərəliliyini artırmağa, iş yükünü azaltmağa və vətəndaşların ədalət mühakiməsinə daha sürətli çıxışını təmin etməyə kömək edəcək.