Braziliya hökuməti ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlara qarşı cavab tədbirlərinin görülməsi prosesinin başlanmasına icazə verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Globo" qəzeti məlumat verib.
"Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ bazarına ixrac edilən Braziliya məhsullarına 50% rüsum tətbiq edilməsinə cavab olaraq, ABŞ-yə qarşı İqtisadi Qarşılıqlılıq Qanununun həyata keçirilməsi üçün məsləhətləşmələrin və tədbirlərin başlanmasına icazə verib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 28-də Braziliya hakimiyyəti Xarici Ticarət Palatasına (Camex) qanunun tətbiqini qiymətləndirmək üçün məsləhətləşmələrə başlamaq səlahiyyəti verib. Palatanın Vaşinqtonun hərəkətlərinin cavab tədbirlərinin məruz qalıb-qalmayacağına dair qərar vermək üçün 30 gün vaxtı var. Braziliya Xarici İşlər Nazirliyi avqustun 29-da mexanizmin işə salınması barədə ABŞ-ni xəbərdar etməyi planlaşdırır. Braziliya hakimiyyətinin fikrincə, bu addım dialoq və danışıqları sürətləndirə bilər.
Xatırladaq ki, iyulun 30-da Donald Tramp Braziliya mallarına əlavə 40% rüsum tətbiq edib. Onun qəbulu nəticəsində Braziliyadan gələn mallara rüsumların ümumi məbləği 50%-ə çatıb.