Göyərtəsində səkkiz nəfər olan ikimühərrikli "Cessna 550" biznes-ceti Parelyas şəhərinin hava limanında uçuş-enmə zolağından kənara çıxaraq alovlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "G1" internet portalı məlumat yayıb.
Bildirilib ki, təyyarədə pilot, onun köməkçisi, həmçinin Braziliya musiqiçisi Rey Vakero (əsl adı David Linyares) və sənətçinin planlaşdırılan konserti üçün Parelyasa gələn beş nəfərlik komandası olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb, ekipaj və sərnişinlər yanan hava gəmisini vaxtında tərk edə biliblər.
Bildirilir ki, yanğının söndürülməsi beş saat çəkdiyi üçün alov təyyarəni tamamilə məhv edib. Qəza iştirakçıları müayinə olunmaq üçün yerli xəstəxanaya çatdırılıblar. Hadisənin başvermə səbəbləri öyrənilir.