Böyük Britaniyada "Z" nəslinin (18-28 yaş) yarıdan çoxu ölkənin yenidən Avropa İttifaqına (Aİ) qayıtması üçün səsvermə keçirilməsinin vacib olduğunu düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri "More in Common" analitik mərkəzinin apardığı sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, imkan yaradılarsa, respondentlərin 60%-i Böyük Britaniyanın Aİ-yə qayıtmasına səs verərdi. Sorğu iştirakçılarının yalnız 9%-i Böyük Britaniyanın Aİ-dən kənarda olduğu mövcud vəziyyətlə qane olduğunu bildirib. Bundan əlavə, tədqiqatın nəticələrinə əsasən, gənc britaniyalıların 50%-i ölkənin Aİ-dən çıxmasını ("Brexit") uğursuzluq adlandırır. İştirakçıların 34%-nin bu barədə konkret fikri yoxdur, 16%-i isə bu prosesi uğurlu addım hesab edir.
"On il ötəndən sonra 18-28 yaş arası britaniyalılar arasında keçirilən sorğu onların "Brexit"ə münasibətini aydınlaşdırdı: gənclər bu prosesin iflasa uğradığına inanır və onların 60%-i Aİ-yə qayıtmaq üçün yeni referendumun keçirilməsini arzulayır. Lakin maraqlısı odur ki, gənclərin çox az hissəsi "Brexit"in əvvəldən uğursuzluğa məhkum olduğunu düşünür. Əhalinin qalan hissəsi kimi onlar da Aİ-dən çıxmağın uğurlu ola biləcəyini, ancaq siyasətçilərin hər şeyi korladığını söyləməyə meyillidirlər", - deyə analitik mərkəzin direktoru Lyuk Tril bildirilib.
Qeyd edək ki, sözügedən sorğuda 18-28 yaş aralığında olan 440 Britaniya vətəndaşı iştirak edib. Tədqiqatın keçirilmə vaxtı və mümkün xəta faizi barədə məlumat verilməyib.