Bakının Yasamal rayonunda yol kənarında yerləşən ağacın budaqlarının nəqliyyatın hərəkətinə mane olduğu iddia edilir.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Müraciətdə bildirilib ki, Bəxtiyar Vahabzadə küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən ağacın əyilmiş budaqları yolun kənar sağ zolağı ilə hərəkət edən avtomobillər üçün çətinlik yaradır.
Şikayətçinin sözlərinə görə, budaqların aşağı sallanması səbəbindən sürücülər qəfil sol zolağa keçməyə məcbur olurlar ki, bu da yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yarada bilər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ağacın sərt şəkildə budanması onun bioloji inkişafına mənfi təsir göstərə bilər.
Qurumdan qeyd olunub ki, ağacın kəsilməsi isə yalnız aidiyyəti dövlət qurumunun müvafiq rəyi əsasında həyata keçirilə bilər.