Böyük Britaniyanın Baş naziri Endi Börnhem özünü Ağ Evin aparat rəhbəri Syuzi Uayls kimi təqdim edən fırıldaqçı ilə yazışıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Börnhem həmin şəxslə sadəcə bir neçə dəfə mesajlaşıb və iddiaya görə bu yazışmalar "ciddi heç bir önəm daşımır".
Buna baxmayaraq, Britaniyanın Vaşinqtondakı səfirliyinin hadisədən ciddi şəkildə narahat olduğu və məsələni Ağ Ev rəsmiləri ilə müzakirə etdiyi bildirilir.
Birləşmiş Krallığın Nazirlər Kabineti Uaylsın mobil cihazının kiberhücuma məruz qalmasından ehtiyatlanır. Buna səbəb kimi 2025-ci il ərzində bəzi amerikalı siyasətçilərin və iş adamlarının onun adından şübhə doğuran mesajlar alması göstərilir.
Nəşr qeyd edir ki, Börnhemin saxtakarla nə vaxt yazışdığı və mesajlarda konkret olaraq nələrin müzakirə edildiyi hələlik bəlli deyil.
Ağ Ev tərəfi məsələnin şərh olunması ilə bağlı müraciətləri cavabsız qoyub. Böyük Britaniya Nazirlər Kabinetinin nümayəndəsi isə sadəcə hökumətin milli təhlükəsizlik məsələlərini şərh etmədiyini bildirməklə kifayətlənib.