Britaniyanın gələcək baş naziri Endi Bernem ölkədə rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqi proqramını tamamilə dayandıracağını və qənaət olunan vəsaitləri daha vacib ehtiyacların maliyyələşdirilməsinə yönəldəcəyini vəd edib.
Oxu.Az xəbər verir ki, bu barədə iyulun 20-də Böyük Britaniyanın baş naziri vəzifəsinə başlayacaq 56 yaşlı siyasətçinin nümayəndəsi məlumat verib.
Bildirilir ki, yeni hökumətin prioritetləri vətəndaşların gündəlik həyatına müsbət təsir göstərəcək sahələr olacaq:
"Milli şəxsiyyət vəsiqəsi sisteminin yaradılmasına ayrılması planlaşdırılan vaxt və resurslar yaşayış xərclərinin azaldılması kimi daha təxirəsalınmaz məsələlərə yönəldiləcək".
Bununla yanaşı, Bernem qanunsuz miqrasiya ilə mübarizəni prioritet kimi saxlayır. Xatırladaq ki, ötən ilin sentyabrında tətbiqi planlaşdırılan rəqəmsal şəxsiyyət vəsiqələri sisteminin qanunsuz miqrasiyanın qarşısını alacağı və işləmək hüququ olmayan şəxslərin işə qəbulunun qarşısını kəsəcəyi proqnozlaşdırılırdı. Lakin bu təşəbbüs geniş ictimai etirazla qarşılanıb - təxminən 3 milyon insan hökumətin planlarına qarşı onlayn petisiya imzalayıb. Nəticədə hökumət rəqəmsal identifikasiya ideyasını saxlasa da, onun könüllü olacağını və alternativ sənədlərin istifadəsinə icazə veriləcəyini bəyan etmişdi.
Qeyd edək ki, hazırda Böyük Britaniyada daxili şəxsiyyəti təsdiq edən vahid sənəd (məsələn, Rusiya pasportu və ya Avropadakı çipli kartlar kimi) yoxdur. Britaniyalılar kimliyini təsdiqləmək üçün əsasən sürücülük vəsiqəsi, kommunal ödəniş qəbzləri və ya vergi orqanlarından gələn rəsmi məktublardan istifadə edirlər.