Məşhur "Cartier" zərgərlik evi informasiya hücumunun qurbanı olub və müştərilərin məlumatlarının bir hissəsi hakerlərin əlinə keçib.
Oxu.Az xəbər verir ki, bu barədə 01net.com portalı məlumat verib.
Qeyd olunur ki, "Cartier" şirkəti öz müştərilərinə kompüter sistemlərinin sındırılması ilə bağlı xəbərdarlıq edib. Hakerlər istehlakçılara qarşı fişinq hücumları dalğasına başlayaraq, şəxsi məlumatları əldə ediblər.
"Biz problemi lokallaşdırmışıq və sistemlərimizin və məlumatlarımızın qorunmasını daha da gücləndirmişik. Bu barədə müvafiq orqanlara da məlumat vermişik və aparıcı xarici kibertəhlükəsizlik ekspertləri ilə işləyirik. Xüsusən də ad, elektron poçt ünvanı ilə bağlı bəzi məlumatlar ələ keçirilib. Parollar, kredit kartı rekvizitləri və ya digər bank məlumatlarına giriş olmayıb", - deyə şirkətdən bildirilib.
Şirkət müştəriləri istənilən arzuolunmaz bildirişlərə və ya hər hansı digər şübhəli yazışmalara qarşı diqqətli olmağa çağırıb.