Koreya Respublikasının Konstitusiya məhkəməsində prezident Pak Kın Xenin impiçmenti üzrə birinci dinləmə dekabrın 22-də baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters”ə istinadən TASS məlumat yayıb.
Dekabrın 9-da parlament səsvermə keçirib, səsvermənin nəticələrinə görə, ölkə liderinə dair impiçment qərarı qəbul edlib. Pak Kın Xenin prezident səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb. Dövlət başçısının səlahiyyətlərini ölkənin baş naziri Xvan Qe An həyata keçirir.
Prezident hakimiyyətdən uzaqlaşdırılması prosesi Konstitusiya məhkəməsinin səsvermənin nəticələrini təsdiqləməsindən sonra başa çatacaq. Qanunla bu prosesə altı ay vaxt ayrılır. Əgər məhkəmə parlamentin qərarını təsdiqləsə, respublikada təcili prezident seçkiləri keçiriləcək.
Korrupsiya qalmaqalı oktyabrda Pak Kın Xenin dəftərxanasından sənədlərin onun rəfiqəsi Tsoy Sun Silin əlində olmasına dair KİV-də məlumat yayıldıqdan sonra meydana gəlib. Araşdırma nəticəsində prezidentin 60 yaşlı rəfiqəsinin yaratdığı korrupsiya sisteminin üstü açılıb. Ona və Prezident Administrasiyasının daha iki əməkdaşına dair cinayət işi açılıb, onlara qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair ittiham irəli sürülüb.
Qalmaqala səbəb prezidentin yaxın adamı Tsoy Sun Sil dövlət işlərinə müdaxilə, həmçinin də əlaqələrindən istifadə edərək qeyri-kommersiya fondlarının vəsaitinin mənimsəməsində şübhəli bilinir. Müstəntiqlər Pak Kın Xenin ən azından baş verənlərdən xəbərdar olduğunu ehtimal edirlər.
N.О.
www.oxu.az