Çinli neftçilər dənizdə vulkanik süxur qatlarını keçərək yaxın vaxtlaradək çatılması, demək olar ki, mümkün olmayan yataqlara çıxış əldə ediblər.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) məlumat yayıb.
Quyu Çinin şimal-şərq sahillərindəki Bohay körfəzində 5 000 metrdən çox dərinliyə qədər qazılıb. Bu daxili dənizdə ölkənin ən böyük neft yataqlarından bir neçəsi yerləşir.
Məlumata görə, quyu körfəzin mərkəzi hissəsində, karbohidrogen ehtiyatları ilə zəngin olan və regionun ən böyük çökəkliyi sayılan Boçjun çökəkliyinin yaxınlığında yerləşir. Qazma zamanı qalınlığı 120 metrdən çox olan qazlı lay aşkarlanıb. Quyunun son dərinliyi 5 770 metrə çatıb.
Sınaqlar zamanı quyudan sutkada təxminən 800 000 kubmetr təbii qaz və az miqdarda neft hasil edilib. CNOOC hesab edir ki, bu kəşf dəniz dibinin altında böyük dərinlikdə yerləşən vulkanik süxurlarda təbii qaz axtarışı üçün yeni imkanlar yaradır.