"Sabah"ın müdafiəçisi Eyden Makkarti atasının tanınmış futbolçu olmasının karyerasına təsirindən və futbolda öz adını qazanmaq istəyindən danışıb.
Oxu.Az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə "Soccer Laduma" nəşrinə müsahibəsində danışıb.
Cənubi Afrika futbolunun tanınmış simalarından olan Fabian Makkartinin oğlu karyerası ərzində atası ilə müqayisə olunduğunu və bu səbəbdən tənqidlərə məruz qaldığını bildirib.
"İnsanların sosial şəbəkələrdə yazdıqlarına baxmayan futbolçu yoxdur. Bəzən müxtəlif fikirlər istər-istəməz qarşına çıxır. Haqqımda yazılan müsbət rəylərə çox da əhəmiyyət vermədim, amma insanların meydanda nə etdiyimi gördüyünü bilmək mənə rahatlıq verdi. Mən ‘nepo baby" (valideynlərinin nüfuzu hesabına irəli çəkilən şəxs) deyiləm", - deyə o bildirib.
Makkarti atasının adı ilə bağlı ünvanına səslənən tənqidlərə də münasibət bildirib. O, karyerasında qazandıqlarına öz zəhməti hesabına nail olduğunu göstərmək istədiyini vurğulayıb:
"Çoxlu mənfi şərh və mesaj almışam. Onların bir çoxu atamla münasibətim və guya mənə güzəşt edilməsi ilə bağlı idi. Amma mən həm insan, həm də futbolçu kimi özümü sübut etmək istəyirdim. Məqsədim lovğalanmaq yox, çəkdiyim zəhmətin qarşılığını almaq və öz adımı qazanmaq idi".
Eyden Makkarti hazırda "Kayzer Çifs"in sistemində çıxış edən kiçik qardaşı Ostinə də səbirli olmağı, çox çalışmağı və fürsətini gözləməyi tövsiyə edib.
Qeyd edək ki, Eyden Makkarti 2026-cı ilin iyununda Cənubi Afrikanın "Kayzer Çifs" klubundan "Sabah"a transfer olunub.