Çinin Xalq Azadlıq Ordusunun Tayvan sahillərində keçirdiyi təlimlər ölkənin suverenliyini qorumaq üçün zəruri tədbir və xarici qüvvələrin müdaxiləsinə birbaşa cavabdır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan brifinqdə bildirib.
"Bunlar dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlərdir, həmçinin Tayvandan Çinin qarşısını almaq üçün istifadə etməyə çalışan, adanı silahlandıran və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdıran xarici qüvvələrin hərəkətlərinə qəti cavabdır", - o vurğulayıb.
Çin istənilən müstəqillik cəhdləri ilə bağlı "sərt xəbərdarlıq" edərək, Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Oxu.Az xəbər verir ki, məlumatı CNN yayıb.
Çin Tayvan ətrafında iri hərbi təlimlərin keçirilməsi üçün ordu, dəniz, hava və raket birləşmələrini səfərbər edib. Hökumətin verdiyi açıqlamaya görə, məqsəd Tayvanın müstəqilliyinə nail olmaq cəhdlərinə və adanın işlərinə kənar müdaxilələrə qarşı ciddi xəbərdarlıq göndərməkdir.
"Ədalət Missiyası 2025" adlanan təlimlərdə döyüş hazırlığı və "əsas limanların və kritik ərazilərin blokadası və nəzarəti" yoxlanılacaq. Komandanlığın yaydığı məlumata görə, adanı əhatə edən beş dəniz və hava zonasında canlı atəş təlimləri keçiriləcək.
Kanalın qeyd etdiyi kimi, Tayvan hökuməti Çini "hərbi zorakılıqda" ittiham edərək təlimləri pisləyib.