Aviadaşıyıcılar Pekin və Tokio arasında münasibətlərin gərginləşməsi fonunda Çin və Yaponiyanı birləşdirən 12 hava marşrutu üzrə sərnişinlərə xidməti dayandırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Pengpai" nəşri DAST (Dynamic Application Security Testing) turizm servisinə istinadla məlumat yayıb.
Reysləri ləğv edilmiş istiqamətlər arasında Çindən Yaponiyanın Naqoya, Fukuoka, Sapporo və Osaka şəhərlərinə uçuşlar var. Bir çox istiqamətlərdə ləğv edilmiş reyslərin sayı artır. Məsələn, Tyantszindən Osakanın yaxınlığındakı Kansay aeroportu istiqamətindəki marşrut üzrə planlaşdırılan uçuşların 65%-i, Nankindən Kansaya uçuşların 59.4%-i, Quançjoudan isə 31.3%-i ləğv edilib.
Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi parlament müzakirələri zamanı bildirib ki, Tayvan ətrafında baş verə biləcək hərbi böhran "ekzistensial təhdid" olacaq və bu da Yaponiyanı "kollektiv özünümüdafiə hüququnu" işə salmağa məcbur edə bilər. Bu, Pekinin kəskin narazılığına səbəb olub və Tokioya ciddi irad bildirilib.
ÇXR-in Osakadakı baş konsulu Syue Tszyan özünün sosial media səhifəsində Yaponiyanın baş nazirini "başının kəsiləcəyi" ilə hədələyib, lakin sonradan bu postunu silib. Daha sonra Çin XİN həmvətənlərini Yaponiyaya səfərdən çəkinməyə çağırıb.
Tayvan Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Qomindan qüvvələrinin vətəndaş müharibəsində məğlub olduqdan sonra onların qalıqlarının Tayvana qaçdıqları 1949-cu ildən etibarən öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Taybey Çinin kommunistlər hakimiyyətə gəlməzdən əvvəl materikin ərazisində mövcud olmuş bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekinin dünyanın bir çox ölkələri tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in regionlarından biridir.